Manatın növbəti dəfə ən kəskin şəkildə ucuzlaşa biləcəyi ehtimalı cari ilin 2-ci rübü ərzindən tez gözlənilmir. O da neftin qiyməti dünya bazarında əgər 25 dollara düşərsə...
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Ekspertin sözlərinə görə, bir çoxları Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun 3-cü devalvasiya olmayacağı haqda KİV nümayəndələrinə söylədiyi fikirləri yenə qəribçiliyə salaraq məzəmmət edir. Ancaq məsələyə obyektiv yanaşaraq yaranmış mənzərəni düzgün nəzərdən keçirmək lazımdır:
"Əvvəla, AMB sədri bilavasitə Novruz bayramı ərəfəsindən danışıb. Real situasiyada isə nəinki baş bankir, heç kim 1 ay sonra nəyin baş verəcəyini dəqiq söyləyə bilməz. Beynəlxalq ekspertlərin, hətta müxtəlif iqtisadi təşkilatların belə adicə neftin qiymətiylə bağlı söylədikləri bir-birinə uyğun gəlmir.
İkincisi, ölkəmizdə dövlət büdcəsinə, yəni cari ilin əsas maliyyə sənədinə yenicə dəyişikliklər edilib və hələ onun icrası zamanı hansı nəticələr əldə olunacağı növbəti aylarda bilinəcək.
Üçüncüsü, Elman müəllimin açıqlamasını diqqətlə nəzərdən keçirtmək lazımdır. O deyib ki, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı - həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Yeri gəlmişkən, neftin dünya bazar qiymətlərinin 30 dollar ətrafında və bir az da ondan yuxarı səviyyədə sabitləşməsi manatın məzənnəsinin son günlər möhkəmlənməsinə çox kömək edib. Düzdür, bir neçə gündür ardıcıl olaraq AMB valyuta bazarında bankların dollara tələbatını ödəyə bilmir. Lakin burada həm fevral ayının artıq başa çatmaqda olması ilə əlaqədar AMB-nin öz rəsmi ehtiyatları baxımdan müəyyən "taym-aut" götürməsi ehtimalının, həm də məhz ölkədə yenidən devalvasiya olacağı xofunun yaranmasının böyük rolu olduğu şübhəsizdir".
İqtisadçı hesab edir ki, manatın yenidən devalvasiya edilməsi ümumiyyətlə hökumətin planına daxil deyil:
"Çünki bu, iqtisadiyyatın idarə olunmasını çətinləşdirir. İkinci devalvasiyanın fəsadlarını hökumət hələ də tam yığışdıra bilməyib. Odur ki, 3-cü devalvasiya ən azı mövcud problemləri daha da çətinləşdirə bilər. Lakin bunun yaxın gələcəkdə baş verməsi heç də istisna deyil. AMB sədrinin manatın üzən məzənnə rejimində olduğunu tez-tez təkrar etməsi və vurğulaması da əslində, buna işarədir. Halbuki, bu haqda dəfələrlə yazdığımız kimi, heç də belə deyil. Yəni, manatın məzənnəsinin real olaraq tənzimlənməsi üsulu üzən məzənnə rejiminin tam olaraq tətbiq edildiyindən xəbər vermir. Odur ki, valyuta bazarında dollara tələb ardıcıl olaraq qalxarsa, məzənnə yüksələcək. Ancaq müşahidələr belə deməyə əsas verir ki, AMB-nin bunu nəzərdə tutan, yəni dolların 1,55 AZN-dən başlayaraq təxminən, 1,70 AZN-ə kimi bahalaşmasına imkan yaradan müəyyən bir "dəhliz hədəfi" vardır. Ancaq bu, 3-cü devalvasiya demək olmayacaq".