Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tehrana səfəri çərçivəsində iranlı həmkarı Mahmud Vaezi ilə görüşüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, görüşdən sonra M. Vaezi deyib ki, tərəflər müxtəlif məsələlər ətrafında haqqında müzakirələr aparıb: "Azərbaycan və İran arasında həm siyasi, həm iqtisadi əlaqələr yaxşı templə inkişaf edir. Bugünkü görüşdə poçt məsələləri, elektron ticarət, peyk sahəsində əməkdaşlıq barədə danışıqlar apardıq. Nazir Ramin Quluzadə bu səfər çərçivəsində İranın bəzi özəl şirkətlərinə baxış keçirəcək. Eləcə də İranın Pərdis texnologiyalar parkına səfər edəcək".

M. Vaezi Bakıda keçiriləcək "Bakutel" sərgisində İran şirkətlərinin aktiv iştirak edəcəyini vurğulayıb.

O əlavə edib ki, görüşdə İran və Azərbaycan məhsullarının satışını təşkil etmək məqsədilə müştərək saytın yaradılması barədə qərar qəbul olunub: "İnsanlar sayt vasitəsilə onlayn qaydada buradan məhsulların alışını həyata keçirə biləcəklər".