Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi davam edib.
Unikal.org virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə müdafiə tərəfinin ötən məhkəmə prosesində qaldırdığı vəsatət təmin edilməyib. Təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntularının olduğunu əsas gətirərək işin yenidən istintaqa qaytarılmasını istəmişdi.
Məhkəmə baxışı martın 11-ə təyin edilib.
Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətində, qarajın yanında qətlə yetirilib. Qatil ev sahibinin boğazını kəsərək öldürüb. O, qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova olub.
İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvarıb, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb...
İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. Bir müddət əvvəl sözügedən cinayət işi ilə bağlı keçirilən məhkəmə prosesində hakim cinayət işi üzrə kobud qayda pozuntularının qeydə alınmasını əsas gətirərək işin istintaqa qaytarılması ilə bağlı qərar çıxarmışdı.
Xatırladaq ki, mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.