Ermənilər Xocalı soyqırımı ilə bağlı İsveçdə Ermənistan səfirliyinin qarşısında keçirilən aksiyaya mane olumağa çalışıblar.
Unikal.org Trend-in məlumatına görə, bunu "Azərbaycan dünyası" jurnalınının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, İsveç Azərbaycanlıları Konqresinin, "Dədə Qorqud" Fondunun və "Azərbaycan dünyası" jurnalınının təşkilatçılığı ilə keçirilən sükut aksiyası zamanı ermənilər qarşıdurma yaratmağa cəhd ediblər: "Ermənilər əllərində plakatlarla Xocalı soyqırımı ilə bağlı aksiya iştirakçılarının qarşısını almağa çalışdılar. Lakin polisin müdaxiləsindən sonra ermənilər geri çəkilməyə məcbur oldu. Çünki bizim aksiyamız qanuni idi, ermənilər isə qeyri-qanuni hərəkət edirdilər".
İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzoyev isə bildirib ki, İsveç qanunlarına uyğun olaraq qarışıqlıq yaratmaq istəyən ermənilər barəsində tədbirlər görülüb, məsuliyyətə cəlb olunublar: "Biz qanuni qaydada tədbirin keçirilməsi üçün icazə almışdıq. Ona görə də aksiyanı pozmağa cəhd edən ermənilər barəsində tədbir görülüb və onların işinə məhkəmədə baxılacaq".
Mətbuat konfransında həmçinin Azərbaycan həqiqətlərinin İsveçdə təbliğ edilməsi istiqamətində görülən işlərdən və gələcək planlardan danışılıb. Qeyd olunub ki, "Azərbaycan dünyası" jurnalının növbəti sayı İsveçə həsr olunacaq.