Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub.
Unikal.org xəbər verir ki, proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıblar.
Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıblar:
1. Ferhat Encü 2. Leyla Birlik 3. Selma Irmak 4. Abdullah Zeydan 5. Səlahaddin Dəmirtaş 6. İdris Baluken 7. Figen Yüksəkdağ Şenoğlu 8. Sırrı Sürəyya Öndər 9. Ziya Pir 10. Gülsər Yıldırım 11. Nursel Aydoğan
Müəyyən edilib ki, haqqıda saxlanılma əmri olan Faysal Saryıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.
Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir.
Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar.
Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.