Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub.

Unikal.org-un APA-ya istinadən əldə etdiyi məlumata görə, şahid qismində dindirilmiş MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü İdarəsinin sabiq rəisi Rəsulov Rəsul Mösüm oğlu ifadəsində göstərib ki, MTN-də 6-cı Baş idarəsinin tərkibində olan Nəqliyyat idarəsində rəis müavini işləyərkən 6-cı Baş idarənin rəisi Akif Çovdarov ona bildirib ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova MTN-nə avtomaşın alınması ilə bağlı imkanı daxilində kömək etməsi barədə onun sözünü çatdırsın. O da Akif Çovdarovun bu sözlərini Tağı Əhmədova görüşdə çatdırıb, Tağı Əhmədov isə deyib ki, imkanı yoxdur.

Tağı Əhmədovla Hüseyn Cavid parkında cəmi bir dəfə görüşüb, həmin görüşün təşəbbüskarının onun, yaxud Tağı Əhmədov olmasını dəqiq xatırlamır. Lakin onu bilir ki, o vaxta qədər onun Tağı Əhmədovla bir neçə dəfə telefon danışıqları olub. Tağı Əhmədov işdən çıxdıqdan sonra Bakı Metropoliteni ilə əlaqədar şikayətlər barədə ona öz narahatlığını bildirib və bu telefon danışıqlarının birində onlar Hüseyn Cavid parkında görüş təyin edib görüşüblər. Həmin görüş təxminən 5-10 dəqiqə çəkib. Görüşdə Tağı Əhmədova bildirib ki, həmin şikayətlər və Bakı Metropoliteninin əməliyyat təminatı sahəsi onun rəisi olduğu idarəyə aid deyil. O, Tağı Əhmədova hər hansı köməklik göstərə bilməyəcəyini deyib və sağollaşıb. Nə öz adından, nə də Akif Çovdarovun adından Tağı Əhmədovdan heç bir məbləğdə pul istəməyib, ümumiyyətlə, hər hansı məbləğ barədə razılaşmayıb.