Azərbaycanda pomidor və xiyarın qiymətinin bahalaşma səbəbi açıqlanıb.

Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aparıcı müfəttişi Əlibala Məmmədov açıqlamasında bildirib ki, son aylar havaların soyuq keçməsi bu məhsulların bahalaşmasına gətirib çıxarıb.

O vurğulayıb ki, payız aylarında açıq sahədə yetişdirilməsi mümkün olmadığından, bu cür məhsullar istixanalarda yetişir.

"Bunun üçün istixanalarda təbii qazdan və sudan istifadə edilir. Təbii ki, bu da məhsulun maya dəyərini artırır və yay aylarına nisbətən payız aylarında qiymət artımı baş verir. Həmçinin, son vaxtlar Azərbaycanda havaların kəskin soyuması bu sahədə məhsullarlığın da aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, məhsulların istixanalarda becərilməsinə baxmayaraq, havanın günəşli olmaması səbəbindən yetişmə dövrü gecikir. Şükürlər olsun ki, son iki gündə havalar mülayim keçir. Belə davam edəcəksə, bu məhsulların yenidən ucuzlaşacağı istisna deyil.

Nazirlik rəsmisi Bakı bazarlarında satılan məhsulların hazırki qiymətlərini də Unikal.org-a təqdim edib.

Qazax pomidoru 2.20-2.50 (AZN)

Bakı pomidoru 1.70-2 (AZN)

Göyçay pomidoru 1.20-1.50 (AZN)

Şəmkir pomidoru 1.30-1.50 (AZN)

Tikanlı xiyar 0.90-1.20 (AZN)

Melit xiyar 1-1.20 (AZN)