Noyabrın 8-də Daxili İşlər Nazirliyində «DİN-in Kollegiya qərarlarının icra"sının, «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər"in və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Bu barədə Unikal.org-a DİN-nin mətnuat xidmətindən məlumat verilib. 

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O da vurğulanıb ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə cari ilin ötən dövründə də qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər bu müddətdə nəinki qorunub-saxlanılıb, əksinə, daha da inkişaf etdirilib.

Daxili işlər naziri son illər hər üç istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, eyni zamanda, uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərin, verdiyi tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmət edəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.