2016-cı ilin ötən 9 ayı ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun və Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi üzən tənzimlənən məzənnə rejimi çərçivəsində formalaşıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, 2016-cı ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
İcmalda qeyd olunub ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb.
"Valyuta əməliyyatlarının 60% hissəsi banklararası valyuta bazarında (BVB), 40%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib, - deyə sənəddə vurğulanıb.
İcmalda bildirilib ki, valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,3 dəfə azalaraq 193 mln. avro təşkil edib. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, habelə, ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.
Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, Mərkəzi Bank valyuta bazarında iştirakı minimuma endirib, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.
Sənəddə qeyd olunub ki, bu ilin 9 ayında ARDNF-in xarici valyuta satışları 4 mlrd. ABŞ dolları təşkil edib. İcmalda bildirilib ki, valyuta hərracları həftədə bir neçə dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankda, ümumilikdə, 88 valyuta hərracı keçirilib.
"Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilib, bu hərracların mexanizmi təkmilləşdirilib. Sentyabr ayının sonunda Mərkəzi Bank valyuta hərracının keçirilməsinin yeni, ikitərəfli hərrac mexanizmini bank ictimaiyyətinə təqdim edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir. Bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirmək imkanı əldə edirlər. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub, - deyə icmalda vurğulanıb.
İcmalda o da qeyd olunub ki, yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir: "01 oktyabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,1 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir.