Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində "Qarabağ Taxıl Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.

Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı.

Soya paxlasının emalından soya jmıxı, şrotu və soya yağı alınır, eləcə də soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.

Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də "Qarabağ Taxıl MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə "Şabran Aqroparkın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bildirildi ki, təsərrüfatın yarandığı ilk illərdə 2250 hektar sahədə ərzaq buğdası əkilib və hər hektardan 5,5 ton olmaqla 12,4 min ton məhsul götürülüb. 2000 hektar sahədə isə qarğıdalı əkilib və hər hektardan 12 ton olmaqla 24 min ton yüksək keyfiyyətli məhsul istehsal edilib. Bu il növbəli əkinlə əlaqədar 250 hektar sahədə taxıl biçini aparılıb və hər hektardan 5,7 ton olmaqla 1,4 min ton taxıl götürülüb. İki min hektar dənlik qarğıdalı əkini sahəsində də biçin aparılıb. Hər hektardan 14 ton olmaqla 28 min ton məhsul əldə edilib. 1600 hektar soya əkini sahəsinin 1000 hektarında aparılan biçin zamanı hər hektardan 3,3 ton olmaqla 3,3 min ton məhsul istehsal edilib. Taxılı biçilmiş 160 hektar ərazidə isə silosluq qarğıdalı əkilib və yaxın günlərdə yaşıl kütlənin biçininə başlanılacaq. Təsərrüfatda dənlik qarğıdalıda məhsuldarlıq hər hektardan 140 sentnerədək, taxılda 60 sentnerədək və soya paxlasında isə 35 sentnerədək təşkil edir. Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.

Təsərrüfat ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.