Astara gömrüyündə onlarla avtobus növbə gözləyir. İraqın Kərbəla şəhərinə, İmam Hüseynin 40 mərasiminə zəvvar aparan avtobusların sürücüləri ilə terminal işçiləri arasında mübahisələr də yaranır.

Unikal.org azadliq.org-a istinadən xəbər verir ki, terminal işçiləri avtobusların gömrüyə növbə ilə keçməsini istəyirlər. Onlar deyirlər ki, noyabrın 12-də hər birində 40-45 zəvvar olmaqla 10 avtobus yola salıblar. Gecikmənin səbəbini isə İran tərəfinin yoxlamaları ilə izah edirlər. Terminal işçilərinin dediyinə görə, İran gömrüyü zəvvarları yoxlayıb əraziyə buraxır. Bu da vaxt aparır.

Zəvvarlardan biri deyir ki, Kərbəla ziyarətinə getməkdən ötrü avtobusa 350 manat pul ödəyib. Ziyarətə gedib-gəlməyə ümumilikdə 1000 manatdan yuxarı xərc çıxır.

Gürcüstandan gələn şiə müsəlmanlar əllərində bu ölkənin bayrağını tutublar. Onlar bildirirlər ki, hər bir adam avtobusa 250 dollar ödəyib

Terminalın işçisi bildirib ki, hər il Kərbəlaya 10-15 avtobus zəvvar gedirdisə, bu il avtobusların sayı 100-ü ötüb.