Səhiyyə Nazirliyi oktyabr ayı ərzində baş verən iki ana ölümünün səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova lent.az-a açıqlamasında bildirib ki, ötən ay Tovuz rayonunda baş verən ana ölümü əslində intihar hadisəsi olub.
Unikal.org xəbər verir ki, S. Məmmədovanın sözlərinə görə, 24-25 həftəlik hamilə olan N. Əliyevanın ( ad şərtidir) 20 həftəsinə qədər hamilə olduğundan heç kimin xəbəri olmayıb: "20-ci həftəsində baş ağrısı şikayəti ilə həkimə aparılıb. Hamilə olduğu onda bilindiyi üçün qeydiyyata alınıb. Qeydiyyata götürüldükdən sonra qadına müəyyən müayinələr təyin olunub və xəstə evə buraxılıb. Xəstə gedəndən 4 həftə sonra telefonla anasına yığaraq, "Ana, gəlin məni aparın, yoxsa özümü öldürəcəm, deyib və elə danışığını bitirməmiş ölüb.
S. Məmmədova qeyd edib ki, cəsədin məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, xəstə kimyəvi maddə ilə özünü zəhərləyib. Patoloji rəyə görə, amin qrup kimyəvi maddə ölümün əsas səbəbi olub.
Ötən ay baş verən ikinci ana ölümü isə Bakı şəhərində, Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanada qeydə alınıb. S. Məmmədovanın dediyinə görə, T. Aydınova (ad şərtidir) adlı xanım təkrar hamiləliyi olsa da, həkimə müraciət etməyib və heç bir qadın məsləhətxanasında qeydiyyatda olmayıb: "Qadının 7-ci hamiləliyi sayılırdı. Qeysəriyyə yolu ilə 4-cü hamiləliyi olacaqdı. Üçüncü qeysəriyyə kəsiyindən sonra qadının uşaqlığının üzərində üç çapıq olub. Xanımın cifti düzgün yerləşdirilməyib. Axırıncı hamiləlik qeysəriyyə ilə nəticələndiyi üçün həkimlər bu qadına doğmağı qadağan ediblər. Həmin xanım həkimlərin məsləhətinə riayət etməyərək heç uşağın 40-ı çıxmamış təkrarən uşağa qalıb. Hamıdan da hamiləliyini gizlədib. Qohumları o, 5-6 aylıq hamilə olanda xəbər tutublar və hamiləliyi sonlandırmağı təklif ediblər, amma qadın razı olmayıb. 5-6 aylığından başlayaraq cift həmin çapıq nahiyəsindən çölə doğru invalizə edib. Bu hala "ciftin ətə batması" deyilir. Hər dəfə də uşaqlıq tonusda olanda qadından qanlı ifrazat gəlirmiş, ağrıları olurmuş. 2-3 dəfə müalicə üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına hospitalizasiya olunub. Hər dəfə həkimlər hamiləliyi sonlandırmağı təklif etsələr də, imtina edib. Axırıncı dəfə hamiləliyin 33 həftəsində xəstəxanaya yerləşdirilib, 1 həftə yatdıqdan sonra kəskin ağrıları olub və həkimlərin səylərinə baxmayaraq qanaxmanı saxlamaq mümkün olmadığından səhər tezdən qan, plazma tədarükü görülərək, iki anestezioloqun nəzarəti altında əməliyyata götürüblər. Əməliyyat zamanı xəstədə kəskin ürək-damar çatışmazlığı baş verib. Ancaq uşaq doğulub, sağdır. Meyit yarılmadığından möhürlənmiş məhkəmə-tibbi ekspertizanın rəyi yoxdur. Amma həmin qadının stasionarda yatan zaman olan bütün müayinələrinin nəticələri dölyanı mayenin embaliya ehtimalını göstərir. Respublikanın baş anestezioloq-reanimatoloqu Aydın Qədirov da bu barədə rəy verib".