Noyabr ayının 8-də vəzifəsini yerinə yetirərkən üzərinə dəmir boru düşmüş "Salyan OİL əməliyyat şirkətinin fəhləsi, 27 yaşlı Salyan rayonunun Kürsəngi kənd sakini Daşdəmirov Eldəniz Cəmaləddin oğlu Bakı şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna mərhumun qohumları bildiriblər.

Xatırladaq ki,hadisə nəticəsində E.Daşdəmirov ağır qapalı kəllə-beyin travması aldığından, komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılmışdı.

Şirkətdən isə bildirilib ki, "bədbəxt hadisə iş əsnasında deyil, nahar fasiləsi zamanı baş verib. İşçimiz ehtiyatsızlıq edərək üst-üstə yığılmış köhnə boruların üstünə çıxaraq yıxılıb və borulardan biri ona dəyib.

Elə həmin gün də xəsarət almış fəhləni müayinə etmək üçün Bakı şəhərindən neyrocərrah dəvət olunaraq, onun müşayiəti ilə Eldəniz Daşdəmirov Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmişdi. Xəstənin üzərində 3 saata yaxın cərrahiyyə əməliyyatı aparılsa da, o, koma vəziyyətindən ayılmayıb və dünyasını dəyişib.

27 yaşlı fəhlə Eldəniz Daşdəmirov işə 6 ay əvvəl Məşğulluq idarəsinin göndərişi ilə gəlibmiş.