Noyabrın 20-də saat 22.30 radələrində "Günəşli yatağındakı 7 saylı dərin dəniz özülündə "SOCAR AQŞ MMC tərəfindən istismar edilən 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran "Neftqaz-63 gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb, kranın qırılan hissəsi dənizə düşüb
SOCAR-ın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə nəticəsində "Abşeron Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.
Bildirilib ki, hadisə ilə bağı dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb.
Hazırda komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, kran HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalıdır.