22-24 noyabr tarixlərində Bakı Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo və "Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya (RecExpo II) Sərgisi keçiriləcək. RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platforma hesab edilir.
 
Unikal.org xəbər verir ki, regionda nümunəvi şəhərsalma layihəsi olan AAAF Park Yaşayış Kompleksi də bu mötəbər tədbirdə iştirak edəcək. Çoxfunksiyalı, müasir yaşayış binalarının, ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarət olan Kompleksimiz, ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir.
 
Sərgidə Azərbaycan, Tükiyə, Rusiya, Gürcistan, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macaristan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda peşəkar bir məkanda toplayacaq. Azərbaycan ve beynəlxalq daşınmaz əmlak sektorunun ən önəmli şirkətlərindən AAAF Parkla yanaşı, Dreamland, AF Holding, Baku White City-™in Temel Park, Park Hill, Monparnas Residence, Fortis, Nobel 25 Bussines Center, AQP Mtk, Breez Tower kimi layihələri, Şərur İnşaat, Kristal Abşeron, Azinko, Gilan Holding, Absheron City, Yeni Həyat, Emlak Konut Gyo, Gyoder, Ağaoğlu, Özak Gyo, Tahincioğlu Gayrimenkul, Haliç Property, TGP, Reality Port, Karat Proje, Ems Yapı, Onur İnşaat, Life Koza, Rota Mimarlık Ve Gayrimenkul, Seaside Alanya Emlak, Bavi Concept, Mare Asset, Urhome, Voldan Investment, Hıspano, Hayat Estate, Asteco, Afik, Bmg invest, Global Promotion Group, First Group, sərginin önəmli iştirakçılarındandır.
 
RecExpo II mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, həmçinin daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
 
Beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar.
 
Sərginin digər təşkilatçıları olan "ElanExpo və "Atılım Fuarcılık şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı RecExpo II iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir. RecExpo II-nin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar sərgidə beynəlxalq arenada aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.
 
Sərgi, 22-24 noyabr tarixlərində, 3 gün ərzində ziyarətçilərini qarşılayacaq. Sərgini ziyarət etmək istəyən şəxslər 22 noyabr tarixindən etibarən saat 10-18.00 arası N. Nərimanov metro stansiyasindan "Baku Expo Center-ə bir saatdan bir ödənişsiz xidmət göstərən avtobuslardan istifadə edə bilərlər.