Gəncədə ötən gün bıçaqlanma faktı qeydə alınıb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Lokomotiv Deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb.
O, sol budun arxa tərəfinin üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Dəmiryolu Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.
Sabit Qasımovun sözlərinə görə, Gəncə Lokomotiv Deposunda çilingər işləyən qonşusu, 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəminində bıçaqlanıb. Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib.
Sabit Qasımov - zərərçəkən: "İdarəmizin həyətinə daxil olmuşdum. 20 metr idi, getmişdim, məni gördü, başında papaq qaçdı üstümə. Mənim də əlimdə heç nə yox idi. O, bir ay yarım əvvəl işə gəlməmişdi. Birinci dəfə deyildi, dəfələrlə işə gəlmirdi. Buna akt tərtib elədik ki, niyə işə gəlmirsən? Bu da qapıbir qonşumdur, yaxın münasibətdə olduğum adamdır. Söhbət ondan gedir ki, nəyə görə mənim aktıma qol çəkirsən?"
İlkin məlumata görə, Rəşad Allahverdiyev Sabit Qasımovun qardaşı Cabirlə münaqişə zamanı xəsarət alıb.
Qeyd edək ki, Rəşad Allahverdiyev də ötən gün döyülmə xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona alının əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. O da ifadəsi zamanı qonşuları tərəfindən hücuma məruz qaldığını bildirib.