Uzun müddətdir Azərbaycan Televiziyasında (AzTV) davam edən "Səs Azərbaycan" ( "The Voice") musiqi yarışmasına nəhayət martın 6-na keçən gecə yekun vurulub.
Unikal.org saytı xəbər verir ki, "Səs Azərbaycan" yarışmasının finalında əsas mübarizə iki iştirakçı arasında baş tutub. Bunlar münsiflər Mübariz Tağıyevin tələbəsi Emiliya Yaqubova və Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayev olub.
Finalın qalibi sms səsverməsi ilə seçilib. 90283 səs (66%) səs toplayan Emiliya Yaqubova "Səs Azərbaycan" mahnı yarışmasının qalibi seçilib. Onun rəqibi Hüseyn Abdullayev isə 4636 səs (34%) səs toplaya bilib.
Yekunda qalib Emiliya Yaqubovaya 30 min manat və yarışmanın xüsusi mükafatı təqdim olunub.
Xatırladaq ki, "Səs Azərbaycan"ın sonuncu sms yarışmasında xalq artisti Mübariz Tağıyevin komandasından Emiliya Yaqubova, xalq artisti Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, əməkdar artist Tünzalə Ağayevanın qrupundan Samirə Əfəndiyeva, Manananın komandasından isə Səmra Rəhimli finala vəsiqə qazanmışdılar.
Qeyd edək ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilirdi.