Bir gecədə 9 bahalı avtomobil qarət edilib.
Hadisə Xətai rayonu Babək prospektində, ''Göhər'' MTK şirkətinə məxsus yaşayış kopleksindəki hündürmərtəbəli binanın zirzəmisindəki dayanacaqda baş verib.
Zərərçəkmişlər hadisədən səhər xəbər tutublar və dərhal ərazi üzrə 34-cü polis bölməsinə məlumat veriblər. Hadisə yerinə baxış keçirən polis müəyyən edib ki, cinayətkarlar 9 bahalı avtomobilin içindən pul və lazımı əşyaları götürüblər.
Ərazidə yaşayanların sözlərinə görə, bu həmin ünvanda baş verən ilk oğurluq hadisəsi deyil. Bir müddət əvvəl sözügedən ünvanda yaşayan Ağasəməd Məmmədovun evindən qızıl zinət əşyaları və 1000 manat pul oğurlanıb.
Faktla bağlı Xətai rayon polis idarəsində cinayət işi başlanıb, cinayətkartların saxlanılması istiqamətində əməliyyat keçirilir.
Paytaxtın Qaradağ rayonunda isə böyük ticarət mərkəzindən oğurluq olub. İki naməlum şəxs Fikrət Cəfərova məxsus mağazanın qarşısından içində xeyli corab olan bağlamanı götürüb. Oğurluq anı ətrafdakı müşahidə kamerasına da düşüb.
Cinayətkarlardan biri əvvəlcə bağlamanın yerini dəyişir, digəri isə ətrafa göz gəzdirib ona fikir verənin olmadığına əmin olduqdan sonra götürüb gedir. Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verməyib.
Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.