Braziliya Prezidenti Mişel Temer göyərtəsində "Şapekoense klubu futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Unikal.org TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ölkə prezidentinin twitter səhifəsində yer alıb. Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların qohumlarına hər cür dəstək göstərəcək.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliyanın "Şapekoense klubu futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Kolumbiyanın Medelin hava limanından 50 kilometr aralıda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 81 nəfərin 75-i həyatını itirib.

LAMIA aviaşirkətinə məxsus təyyarə futbolçuları Medelin şəhərinə aparırdı. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli "Atletiko Nasional və Brazilyanın "Şapekoense klubları arasında oyun keçirilməli idi.