Sabiq kənd təsərrüfatı nazirinin əleyhinə verilən ifadələr əsasında ona cinayət işi açıla bilər    
Sabiq kənd təsərrüfatı naziri, hazıda isə baş nazirin müavini vəzifəsini icra edən İsmət Abbasovun karyerasına təhlükə yaranıb.  
«Unikal»a daxil olan məlumata görə, İsmət Abbasovun nazir olduğu dövr araşdırılır. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, artıq bununla bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib. Mənbə deyir ki, bu prosesdə «Aqrolizinq»in keçmiş rəhbəri Əli Bayramov da İsmət Abbasovun əleyhinə ifadə verib. Hətta bu ifadə əsasında keçmiş nazirə cinayət işinin açılması da istisna edilmir. Hələlik qəti qərar olmasa da, yuxarı dairələrin, İsmət Abbasovla bağlı müsbət fikirdə olmadığı aşkar görünür.   İsmət Abbasovun kənd təsərrüfatı naziri olduğu sonuncu ilin rəsmi rəqəmlərinə nəzərə salaq. Qeyd edək ki, nazirliyin 2013-cü il üçün büdcəsi 22 milyon manat həddində müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyinə ayrılan dövlət investisiyaları. 2013-cü ildə nazirliyə nə qədər dövlət sərmayəsinin ayrılması üzrə məlumat yoxdur. Ancaq 2005-2012-ci illərdə quruma 10 milyon manat dövlət investisiyası yönəlib. Bu pulların bir qismi nazirliyin inzibati binasının təmir-tikintisinə xərclənib. Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidməti. 2013-cü il üzrə illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb. Bu xidmət daha çox ət dükanlarından xərac yığmaqla məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti. 2013-cü il üçün illik büdcəsi 3,7 milyon manat. 2005-2012-ci illərdə bu quruma 5 milyon manata yaxın dövlət investisiyası yatırılıb. "Sanitar normaları gözlənilmədiyi" üçün obyektlərdən xərac yığırlar. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi. 2013-cü il üzrə büdcəsi 8 milyon manatdır. 2005-2012-ci illərdə bu quruma 55 milyon manata yaxın dövlət investisiyası yatırılıb. Aqrar sektora kreditlər ayırır. Fermerlərin ən böyük narazılığı da bu qurumdandır. Səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" Acıq Səhmdar Cəmiyyəti. 2013-cü il üzrə büdcəsi 35 milyon manat müəyyənləşib. 2005-2012-ci illərdə bu quruma 67 milyon manata yaxın dövlət investisiyası yatırılıb. Dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasını fermerlərə icarəyə verməklə və ya dəyərini hissə-hissə satmaqla məşğuldur. Fermerlər ən çox əziyyəti elə texnikasızlıqdan çəkir.    Onu də nəzərə çatdıraq ki, İsmət Abbasovla bağlı unikal.org-a ilginc məlumat daxil olub. Bu barədə sayta verilən məlumatda bildirilir ki, hələ kənd təsərrüfatı naziri olduğu dövrdən indiyə qədər İsmət Abbasovun Sumqayıtda (Bakı-Quba yolu ərazisində) hektarlarla ərazidə "istixana" kompleksi fəaliyyət göstərir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, nazir həmin ərazidə hektarlarla torpaq alaraq istixana inşa etdirib. İstixanalarda yalnız pomidor becərilir. Həmin məhsulun isə təkcə Azərbaycana deyil, o cümlədən Rusiya və digər MDB ölkələrində satışını həyata keçirir.  Bu günə kimi İsmət Abbasovun nazir olduğu dövrdə qazandığı milyonlarla bağlı mətbuatda davamlı yazılar dərc olunub. Diqqətli oxucular xatırlayır ki, bir müddət öncə məlumat verilmişdi ki, Azərbaycandan olan supervarlılar Londonun prestijli kvartallarında dəbdəbəli istirahət üçün gündə təxminən 15 min dollar ödəyirlər. Bu haqda "Business İnsider Australia" nəşri yazır. Nəşrin yazdığına görə, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər "başgicəlləndirici sərvətə malik" varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyirlər. Londonun daşınmaz əmlak agentliyi "EJ Harris" bu zənginlərin istirahət etdikləri olduqca dəbdəbəli mənzillərin bəzilərinin fotolarını da yayıb. Bu mənzillərin təkcə yataq otaqlarının sahəsi orta statistik britaniyalının mənzilinin ümumi sahəsindən çoxdur. Maraq üçün qeyd edək ki, iki il əvvəl o vaxtkı kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun məhz Londonda dəyəri bir neçə milyon dollara çatan mülkü aşkarlanmış və bu geniş rezonans doğurmuşdu.  
Qərib Gərayzadə