Bakıda "Təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.

Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "Təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "Təcili yardım" maşınına çırpılıb.

Əraziyə digər "Təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

10:30

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev unikal.org-a bildirib ki,  hadisə bu gün deyil, dünən səhər saatlarında baş verib. Xəstənin vəziyyəti ağır olduğundan təcili yardım maşının sürücüsü onun xəstəxanaya çatdırılması üçün bütün tələblərə uyğun olaraq hərəkətdə olub. "Azsamand markalı avtomobillə üz-üzə gəlib, avtomobil təcili yardım maşınına çırpılıb. Hazırda təcili yardım avtomobili qəza nəticəsində tam yarasız vəziyətə düşüb. Sürücü və tibb bacısı yüngül xəsarət alıblar. 

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.