Etibar Pirverdiyev:"Heydər Əliyev strategiyası Azərbaycanın müstəqil və dayanıqlı elektrik enerji sisteminin təminatçısıdır

Bu gün "Azərenerji ASC-də Ulu Öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Mərasimdə millət vəkilləri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov və İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşov iştirak etdilər.
Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan "Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev vurğuladı ki, "Ulu Öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə bütün imkanlardan məharətlə istifadə edərək çalışmışdır ki, Azərbaycan qüdrətli respublikaya çevrilsin. Cənubi Qafqazda indinin özündə belə ən iri istilik elektrik stansiyası olan Azərbaycan İES-in əsasının qoyulması, onun enerji bloklarının bir-birinin ardınca istismara verilməsi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Ulu Öndər müstəqillik dövründə cəmiyyətin və dövlətin həyatında mühüm və strateji yeri və rolu olan elektroenergetika sahəsinin inkişaf etdirilməsini əsas prioritet kimi müəyyənləşdirmişdir. Nəticədə, Azərbaycanda elektrik enerjisi qıtlığı aradan qaldırılmış, kifayət qədər elektrik enerjisi potensialı yaradılmışdır.
Ulu Öndərin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin sağlam təməllər üzərində yaradılan milli inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdirilməsinə səbəb olduğunu vurğulayan natiq bildirdi ki, Dövlətimizin Başçısının "Hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır prinsipi ilə biz nəinki özümüzü elektrik enerjisi ilə təchiz edə bildik, hətta bu sahədə regionun güc mərkəzinə çevrildik.
"Heydər Əliyev fenomeni bütün parametrləri ilə örnəkdir. Hər birimiz onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücümüzlə bundan sonra da çalışmalıyıq! - "Azərenerjinin rəhbəri nitqini bu sözlərlə yekunlaşdırdı.
Sonra Milli Məclisin üzvü Aydın Hüseynov çıxış edərək, bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın müstəqil gələcəyini görərək, xalqın milli mənlik şüurunun oyanması və respublikanın iqtisadi asılılığının aradan qaldırılması üçün həyata keçirdiyi tədbirlərdən geniş soz açdı.
Sonra Milli Məclisin üzvü Əflatun Amaşov çıxış edərək, Heydər Əliyevin işıqlı həyat yoluna nəzər saldı. Onun bütün dövrlərdə ən böyük amalının Azərbaycanın tərəqqisi olduğunu qeyd etdi. Bildirdi ki, Ulu Öndərin misilsiz xidmətləridir ki, milli kadrlar hazırlanmış, dünya şöhrətli mədəniyyət, ədəbiyyat və elm xadimlərimiz inkişaf edərək tanınmışdır.
Sonda akademik Arif Həşimov Ulu Öndərin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inamla və ardıcıllıqla davam etdiriləcəyinə əminliyini ifadə etdi. Bu gün ölkəmizdə qazanılan misilsiz nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, Ulu Öndərin müstəqil Azərbaycana on illik rəhbərliyi dövründə zaman baxımından dövlətimiz bir neçə onilliyə sığa biləcək inkişaf yolu keçmişdir.