"Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov telekanalları və ümumilikdə medianı sərt tənqid edib. 

Unikal.org xəbər verir ki, bu tənqid onun rəhbəri olduğu qəzetdə dərc edilib. Həmin yazıdan bəzi hissələri təqdim edirik:

"Televiziyanın mətbəxində isə nələrin baş verdiyini söyləməkdə çətinlik çəkirik. Çünki bizim gördüyümüz yalnız verilişlər və onların aparıcılarıdır. Ən çox göstərilənlər isə şou-proqramlardır. Xarici kanallardan baha qiymətə alınıb gətirilən "nimdaş layihələr milli-mənəvi dəyərlərə zidd olmaqla bərabər, onlarda əsas ağırlıq dava-dalaşa, qaraqışqırığa, iştirakçıların bir-birinə kobud, hörmətsiz münasibətinə, "mənəvi krizlərin üzərinə salınır.

Həftəlik və aylıq proqramları təhlil etdikdə nə görürük?

Özəl telekanallar adları müxtəlif olsa da, əslində, bütün günü eyni qəlibdən çıxan verilişləri verirlər. Onlar aşağıdakı mövzulardadır:

- "xörəkbişirmə elminin tədrisi;

- özəl klinikaların tanınmamış həkimlərinin "müalicə məharətlərinin təbliği;

- toy müğənnilərinin bitib-tükənməyən qalmaqalları;

- xalqımızın mənəviyyatsızlığını "ifşa edən "yerliləşdirilmiş layihələrin saatlarla nümayişi.

Bütün bunları seyr edəndən sonra düşünürsən:

* Doğrudanmı Azərbaycanda heç kim xörək bişirə bilmir və onu yalnız televiziyadan öyrənmək mümkündür?

* Doğrudanmı ən yaxşı həkim və ən yaxşı müalicə yalnız özəl klinikalardadır və Azərbaycan vətəndaşları bundan xəbərsizdirlər?

* Doğrudanmı Azərbaycanda "ən səviyyəli insanlar toyda oxuyanlardır və "ən çətin məsələlərin həllində onlar məsləhətçi olmalıdırlar?

* Görəsən nə vaxtadək kişilər (kişi aşpazlar) arvadlara xörəkbişirmə dərsi keçməlidirlər ki, arvadlar bir şey öyrənsinlər?

* Görəsən nə vaxtadək özgə ölkələrdən gəlmiş (gətirilmiş) tanınmamış həkimlər (yaxşı həkim olsaydılar, öz xəstələrini vətənlərində qoyub dərbədər düşməzdilər) yerli həkimlərdən üstün tutulacaqdır?

* Görəsən nə vaxtadək toy müğənnisinin dedikləri telekanallar üçün ziyalı, mütəxəssis, yazıçı və zabit sözündən üstün tutulacaqdır?

Vətənpərvərlik tərbiyəsi ilə kim məşğul olmalıdır?

***



"Telekanalların aparıcıları haqqında ayrıca danışmağa dəyər. Çünki bu gün telekanalların "məşhur siması aparıcı olub: kanallarda nə redaktor mətni hiss olunur, nə rejissor dəstxətti görünür.

Müasir aparatların yaratdığı imkanlar isə daha "operator məharətinə yer qoymayıb.

Bəs verilişdə "hər şeyin sahibi olan aparıcı nə aparır və özünü necə aparır?

Birbaşa söyləsək, aparıcı çox zaman veriliş aparmır, əslində, baş aparır: istədiyi qədər danışır, müsahibinin sözünü istədiyi vaxt kəsir, dəvət etdiyi qonağın öz fikrini axıradək söyləməsinə imkan vermir və s.

Eyni zamanda:

* Aparıcı şpaqat açır!

* Aparıcı verilişdə nümayişkaranə şəkildə pul cırır!

* Orijinallıq xatirinə unitazda oturaraq məhsulu "reklam edir!

* Hətta özünü elə aparır ki, qonağı onu itələyərək yerə yıxır!


Sovet dövründə televiziya üçün aparıcıların (diktorların) seçilməsinə son dərəcə ciddi və məsuliyyətlə yanaşırdılar. Bir neçə mərhələdən ibarət olan seçim müsabiqəsində diktorun:

- səsinin ekrana (efirə) düşməsi, müvafiq tembrdə olması;

- Azərbaycan dilini (həm də rus dilini) təmiz bilməsi, vurğuları düz qoyması və dəqiq intonasiyası;

- ali təhsili, dünyagörüşü və ümumi səviyyəsi;

- Azərbaycan xalqının milli zahiri görkəminin simasında qabarıq görünməsi (yaraşıqlı və cəlbedici olması);

- sifətində əyrilik və ciddi (görünən) qüsurların olmamasına da xüsusi fikir verilərdi.

İndi bu sənət o qədər dəyərdən düşüb ki, hamı aparıcı olmaq istəyir və istəyinə (müxtəlif vasitələrlə) çatır da!

Artıq aparıcılarda nitq qüsurları, cır və bezdirici səs, ləhcə ilə danışıq, insanlarda ikrah yaradan "çayxana səviyyəsi, vurğuları hecaya düzgün qoymağı bacarmaması, vulqar ifadələr, açıq-saçıq geyim, millətini təyin etməyə imkan verməyən ifrat makiyaj, üzdə əyrilik və digər ciddi qüsurların mövcudluğu adi hala çevrilib! Onlara veriliş etibar ediləndə heç bir müsabiqə filan keçirilmir.

Gözümüzün qabağına gətirək: indiyədək kimlərdən aparıcı olmayıb və bu gün kimlər aparıcılıq etmir?!

Azərbaycan balaca ölkə olduğundan hamı-hamını yaxşı tanıyır! Üstəlik, sosial şəbəkələr və telekanalların özlərinin "həvəslə yayımladıqları qalmaqallar örtülü heç nə qoymayıb! Bu mənbələrə istinadən və gördüklərimizə əsasən tərəddüdsüz deyə bilərik:

* Tərbiyəsi naqislər əxlaq qarovulçusu rolunu oynayır;

* Mənəviyyatsızlar verilişinə gətirdiyi "mənfi qəhrəmanının ittihamçısına çevrilir;

* Ömründə ailəsi olmayanlar ailədaxili münasibətlərin yaranmasından və münaqişələri nizamlamaqdan dərs keçirlər;

* Boşananlar "qayınana-gəlin münasibətlərində mehribançılıq üzrə ekspertlik edirlər;

* Oriyentasiyası şübhəlilər verilişlərdə "kişi razborkaları (kişi söhbəti) zamanı heç kimə söz deməyə imkan vermir, yaxa cırırlar!

Maraqlı burasıdır ki, başqa sahədə uğur qazanmayanlar aparıcılığa gəlirlər:

Yarımçıq müğənni aparıcı olur!

Yarımçıq aktyor aparıcı olur!

Aparıcı qayıdıb "toy müğənnisinə çevrilir və yenə aparıcılıq edir!

Elə bilirlər ki, ən asan işlərdən biri aparıcılıqdır!

Elə sanırlar ki, hamı aparıcı ola bilər!

Görünür onlara etibar edən kanal rəhbərləri də bu fikirdədirlər!

Amma belə deyil!

Aparıcıdan xüsusi qabiliyyət, bacarıq, hazırlıq, hətta istedad tələb olunur!

Saqqalı sinəyə düşən, ölçüsü əndazədən çıxan, plastik əməliyyatların yeri açıq-aydın görünən, bir çimdik duzu olmasa da, "zarafat verilişlərini aparan, sifəti ekrana sığmayanlar meydan sulayırlar.

***

"Özünü "müsbət qəhrəman qiyafəsində təqdim edən aparıcı bəzən prokurorsayağı "amansız ittihamçıya çevrilir, bəzən "müdrik hakim kimi "müttəhimi - verilişdəki "mənfi qəhrəmanı ifşa edir, bəzən rəhmdil vəkilə dönərək qurbanını studiyadakı "ekspert-hücumçuların təzyiqindən müdafiə edir.

"Aparıcı - müsbət qəhrəman daim verilişdə qonaqlar tərəfindən çəpik çalınaraq alqışlanır, "yağlı sözlərlə (təşkil olduğu dərhal sezilir) gen-bol təriflənir, regionlara gedəndə isə "maç-maç, quc-quc ara vermir... Onların hər verilişinə də "bütün Azərbaycan xalqı (özlərinin dediyinə görə) baxır!

Yazıq xalq, görəsən on kanalın hamısına eyni vaxtda necə baxır?