"Komsomolskaya pravda qəzeti F.Kirkorovun Azərbaycan paytaxtındakı konsertindən yazıb.
Unikal.org Azərtac-a istinadən həmin yazını təqdim edir.
Mən çoxdan bu konsertin həsrətində idim. Uzun illər belə olub ki, Bakıda konsertlərim elan edilib, amma sonra məndən asılı olmayan səbəblərə görə son anda ləğv edilib. Hərçənd o vaxtlar da biletlərin hamısı satılmışdı. Nəhayət, Azərbaycan Prezidentinin himayəsi ilə bu konsert baş tutdu. Həqiqətən də damcı daşı dəlir. Gec olsun, amma güc olsun. Bu sözləri Rusiyanın Xalq Artisti Filip Kirkorov "Komsomolskaya pravda qəzetinə müsahibəsində söyləyib. Xatırladaq ki, bu günlərdə o, özünün "Ya ("Mən) adlı şou proqramını bakılılara təqdim edib.
F.Kirkorov deyib: "Axır ki, böyük Müslüm Maqomayevin vətənində oxumaq xoşbəxtliyi mənə nəsib oldu. Mən "Baku Crystal Hall arenasında bu konsertin təşkilində iştirak edən dostum Emin Ağalarova çox minnətdaram.
Qəzet yazır ki, şoudan bir neçə saat əvvəl Filip Kirkorov Bakıda gəzintiyə çıxıb. Əvvəlcə İçərişəhərin qədim küçələrində gəzişib. Yeri gəlmişkən, estrada kralı orada bu tarixi konsert üçün məxsusi olaraq Bakıya gəlmiş piterli fanatı ilə təsadüfən qarşılaşıb. Sonra küçənin ortasında ucadan "Çyort, poberi deyərək sevimli aktyoru Andrey Mironov kimi yerə yıxılıb. Əlbəttə, hər addımbaşı Kirkorovu yeyib-içirtməyə çalışıblar. Axı qonaqpərvərlik bakılıların canındadır. Hələ heç kəs bu günəşli diyardan arıqlamış halda qayıtmayıb.
-Ay, necə də dadlıdır, - deyə Filip isti təndir çörəyini təpişdirir, - axı mənə bunu yemək olmaz! Yeməyə baxan kimi kökəlirəm.
Əlbəttə, Filip məsələni bir qədər şişirdir. Artist son vaxtlar idmanla məşğul olmağa başlayıb. Odur ki, qaməti xeyli şux olub. Yəni heç bir kökə onun qaməti üçün qorxulu deyil.
Şəhər gəzintisindən sonra Kirkorov britaniyalı arxitektor Zəha Hədidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinə gedib. Əlbəttə, mərkəzin hər sərgi zalında onu pərəstişkarları gözləyirdilər ki, Kirkorovla birlikdə şəkil çəkdirə bilsinlər.
F.Kirkorovun məşhur rejissor Franko Draqonenin quruluşunda "Ya şousu Bakının ən nüfuzlu arenası olan "Baku Crystal Hallda gurultulu alqış sədaları altında keçdi.
Rusiyalı pop-kralın konsertinə baxmağa 17 min tamaşaçı gəlmişdi. Konsert Filip Kirkorovun Azərbaycan dilində salam nitqi ilə başladı. Amma Kirkorov bakılılar üçün ənənəvi olan "Salam, Bakı sözləri ilə kifayətlənmədi. Az qala 9 dəqiqə (!) azərbaycanca danışdı!
Sonra tamaşaçılar görmək istədiklərini gördülər. On yeddi min tamaşaçı "Jestokaya lyubov ("Amansız məhəbbət) mahnısını Kirkorovla birlikdə oxudu. Kirkorov öz baleti ilə səhnədə təqribən üç saat tamaşaçıları "ovsunladı. Bu yaxınlarda Filiplə "Space qrupunun rəhbəri arasında nifaqa səbəb olan "Jestokaya lyubov mahnısını oxumağa başlayan kimi 17 minlik arena ona qoşuldu və öz telefonlarının fənərciklərini yandıraraq zalı ulduzlu səmaya bənzətdi. Bununla da fanatlar öz kumirini dəstəklədilər. Daha nə demək olar: bəlkə də Kirkorov kiminsə xoşuna gəlmir, amma onun ölkədə ən yaxşı şouya imza atmış böyük zəhmətkeş və artist olduğunu danmaq mümkün deyil.
Şounun finalında Filipi səhnədən buraxmaq istəməyən tamaşaçıların on dəqiqəlik sürəkli alqışları isə onun yenə də "nömrə bir olduğunu göstərdi.