Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsirləndirilən Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, D. Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 8-də saat 10:39-da Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi "Otoyol markalı, 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub. Daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü, 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi "Daewoo markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub.

Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi "VAZ 2107 markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.

Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.