Bu gün Qax rayonunda avtomobilin yanması hadisəsinin təfərrüatı məlum olub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, rayon ərazisində "VAZ 2109" markalı minik avtomobilinin əslində öz sahibi tərəfindən yandırıldığı məlum olub. Bəlli olub ki, Qax sakini, Qarabağ əlili Bəxtiyar Vəliyev Dövlət Yol Polisinin Qax rayon Şöbəsinin rəhbərliyinin hərəkətlərinə etiraz olaraq bu əməli törədib.
Hadisə ilə bağlı çəkilmiş videoda çıxış edən birinci qrup əlil deyib ki, iyun ayında xırda yol qəzası törədib və yol polisinin təqdimatı ilə ona 400 manat cərimə kəsilib. Daha sonra o, məhkəməyə müraciət edərək cərimənin daha yüngül cəza ilə əvəzlənməsinə nail olub. Məhkəmənin qərarını yol polisinə təqdim etdikdə isə bu, qəbul edilməyib və yol polisi daha əvvəl kəsilmiş cərimənin verilməli olduğunu deyib.
4 uşaq atası olduğunu, dolanışığının taksi fəaliyyəti ilə məşğul olmaq olduğunu deyən şəxs avtomobilə od vuraraq yandırıb.
Hadisənin görüntüləri youtube-a yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: "Bizə bu cür müraciətlər çox olur. Araşdıraq görək, doğrudanmı vətəndaş haqsız yerə cərimələnib?! Avtomobilin yandırılmasına bundan sonra münasibət bildirəcəyik. Həmin şəxs yandırdığı avtomobili etibarnamə ilə idarə edir. Buna görə də biz ancaq rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik.
Qax rayon Polis Şöbəsindən bildirilib ki, B.Vəliyev idarəyə dəvət edilib. Hazırda onun izahatı alınır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın saat 10:34-da yanğınsöndürənlər tərəfindən söndürülüb.