"İstənilən halda terror hadisəsi pislənilməlidir. Hansısa diplomatın qətlə yetirilməsi böyük hadisədir və bunun arxasında ciddi məqamlar var".

Bu fikirləri Unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi böyük güclərin qurduğu bir oyundur: "Bildiyiniz kimi, son dövrlər Rusiya ilə Türkiyə arasındakı buzlar əriməyə başlayıb. Təbii ki, bu yaxınlaşma da Qərb dairələrinin xoşuna gəlmir. Ona görə mənfur planlar cızaraq, iki dövlət arasındakı münasibətlərin gərginləşməsinə çalışırlar. Hesab edirəm ki, bu plan da Qərbin müəyən dairələri tərəfindən gerçəkləşdirilib".

Partiya sədri Türkiyədə baş verən bu kimi hadisələrə görə hakimiyyəti də suçlayıb. Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü yanlış siyasət nəticəsində ölkədə boş yerə qan tökülür: "Ərdoğanın mənəm-mənəmlik siyasəti ağır nəticələr verməkdədir. Türkiyə böyük dövlətdir, amma bu, o demək deyil ki, heç kimlə hesablaşmamalısan. Düşünürəm ki, Ərdoğan bu mənəm-mənəmlik siyasətindən əl çəkməyincə, ölkədə terror və bu kimi aktlar davam edəcək. Eyni zamanda, təhlükəsizlik orqanlarının da bu məsələdə təqsiri var. Necə olur ki, terror təhdidi olan bir ölkədə önləyici tədbirlər həyata keçirilimir. Bir sözlə, baş verən hadisə narahat edicidir. Ümid edirik ki, bu hadisə regionda münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarmaz".