Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.
Unikal.org xəbər verir ki, təzə qaydalara görə, 2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər.
Məsələ ilə bağlı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov olke.az-a bildirib ki, bu dəyişiklər təqdirəlayiq bir adımdır. Onun sözlərinə görə, bu yenilik istifadəsiz torpaqların yenidən becərilməsi üçün zərurət yaradacaq:
"Dövlət heç kimdən məcburi torpaq almır. Amma torpaqlar əkilmirsə, istifadə edilmirsə, onu dövlətə qaytarmalıdırlar. Vaxtında alqı-satqı edəndə, müəyyən insanlar külli miqdarda torpaq əldə ediblər. Sonradan həmin torpaqları istifadə etmirlər. Torpaqlar illərlə istifadəsiz qalıb. Ehtiyacı olan insanlar isə torpaqsız qalırlar. İndi dövlət başçısının apardığı iqtisadi islahatlar nəticəsində bu və digər problemlər həll olunacaq. Bilirsiz ki, kənd təsərrüfatı sahəsində artıq islahatlara başlanılıb. Üzümçülük, baramaçılıq, pambıqçılıq və s sahələrə geniş imkanlar yaradılıb. Bu sahələrdə inkişaf da var. Bu baxımdan da, yeni qərara görə, əgər torpaq istifadə olunmursa, ona görə vergi ödənməlidir. Bu tamamilə düzgün qərardır.
Deputatın fikrincə, artıq torpağı olan və ondan istifadə etməyənlər onu dövlətə qaytarmaqla kənd təsərrüfatına böyük töhvə vermiş olarlar. Vahid Əhmədov buna misal kimi Hacı Allahşükür Paşazadəni göstərərək bildirdi ki, bu addım gözəl və təqdirəlayid bir əməldir:
"Bu yaxınlarda hamımızın çox hörmət etdiyi Şeyx həzrətləri vaxtilə Ulu Öndər tərəfindən ona verilmiş torpağı qaytardı ki, dövlət istifadə etsin. Bu adım təqdirəlayiqdir. Hər kəs başa düşməlidir ki, istifadəsiz torpaq ölkənin kənd təsərrüfatı üçün zərərlidir. Bizim sahələrimiz böyük deyil axı. Bu səbəbdən hər kəs kənd təsərrüfatının inkişafı üçün əlindən gələni əsirgəməməlidir.