"Dolların məzənnəsinin yüksəlməsi vergi daxilolmalarına da təsirsiz ötüşməyib
Bu barədə unikal.org-un əməkdaşının sualına cavab olaraq Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.
Nazir müavini gülümsüyərək bildirib: "Dolların məzənnəsi kimə təsir etməyib?. Bu təbii ki, vergi daxilolmalarına da təsirsiz ötüşməyib. Bunun üçün Nazirliyin İdarə rəisi Zaur Fətizadə cavab versə daha yaxşı olar".
Cənab Fətizadə də öz növbbəsində deyib ki, dolların bahalaşması və ucuzlaşmasının təsir etmədiyi sahə yoxdur.
O qeyd edib ki, dolların vergi daxilolmalarına təsiri var, lakin burada xərclərə də təsir mövcuddur:
"Bu təsir 100 mln. manat civarındadır. Amma təbii ki, dolların məzənnəsi qiymətlərədə öz təsirini göstərir. Bu da təbii ki, vergi daxilolmalarına cüzi təsir göstərir".
Zaur Fətizadə həmçinin Azərbaycanda dollarla vergi ödəyicisi varmı sualımızıda cavablandırıb. Bildirib ki, bu qanunda mövcud olduğu üçün xaricisi transmilli şirkətlər dollarla vergi ödəyirlər.
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov isə bildirib ki, iqtisadi böhran baş verdiyi üçün ümumilikdə valyuta daxilolmalarında azalma var:
"Milli valyutanın devalvasiyası ilə bağlı valyuta daxilolmalarında manat ifadəsində artım var. Amma ümumilikdə valyutada vergi daxilolmalarında azalma qeydə alınıb. Manatın devalvasiyası zəncirvari bir prosesdir, devalvasiya iqtisadiyyatda inflyasiya yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün təxminən 7,3% civarında inflyasiya gözlənilir. Növbəti il üçün hesablamalarda 1 dolların məzənnəsi 1,75 manatla götürülüb. Proqnoz müəyyən edilərkən inflyasiyanın vergi daxilolmalarına təsiri nəzərə alınıb. Valyutanın kursunun dəyişməsi inflyasiyanın ümumi dəyişməsi fonunda onun elementi olaraq nəzərə alınır".
Amid Əyyuboğlu