Azərbaycan gömrüyünün inkişaf dinamikası son illərdə də uğurla davam etdirilir.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu sahədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib.
Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.
Azərbaycan gömrüyü hər il olduğu kimi cari ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.
Artıq 2016-cı ilin sonuna sayılı günlər qalmasına baxmayaraq, dekabrın 30-na olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 285,43 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,27% əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 693,5 milyonmanat və ya 43,6% artıq deməkdir.
Azərbaycan Gömrük Xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.