İl başlanandan iqtisadiyyatın inkişafının vacibliyi müxtəlif və ən yüksək səviyyələrdə müzakirə edilib, bununla bağlı fikirlər səsləndirilsə də, il sonunda heç bir nəticənin ortada olmadığı məlum olub. İqtisadiyyatın liberallaşması, inkişafa nail olunması üçün dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar da vəziyyəti düzəltməyib. Çünki iqtisadiyyatın liberallaşması istiqamətində verilən fərman və sərəncamlar əksər hallarda məmurlar tərəfindən sabotaj edilir, yerinə yetirilmir. Ölkə yenə də monopoliyanın cəngindədir.

Ekspertlər bildirirlər ki, il ərzində bu istiqamətdə nəticələrin olmaması əsasən monopoliya ilə bağlıdır. Monopoliyanın aradan qaldırılması üçün demək olar ki, heç bir addım atılmır. Bildirilir ki, hansısa məmurlar müsbət yöndə atılan addımların qarşısını almaq üçün ciddi addımlar atır və maneələr yaradılır. Bu səbəbdən də təkəlçilik ciddi və həllolunmaz problem kimi qalır və bu sahədə vəziyyət düzəlmir.

Image result for Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, 2016-ci ildə iqtisadiyyatın liberallaşması istiqamətində addımlar atılıb:"Müəyyən sahələrdə işlər görüldü, gömrük sahəsində müəyyən şəffaflıq oldu. Mən deməzdim yüz faiz, amma müəyyən qədər işlər yerinə yetirildi. Vergi sistemində son vaxtlar qəbul etdiyimiz qərarlar müsbətdir. Müəyyən işlər görülür. Əlbəttə, ölkədə monopoliya var. Əvvəla, məmurlar müəyyən qərarların yerinə yetirilməsində müəyyən problem yaradırlar. Hər halda, monopoliya hələlik mövcuddur deyə, liberallaşma prosesini sürətlə aparmaq mümkün deyil. Yol xəritəsi artıq imzalanıb, 2017-ci ildən artıq onun icrasına başlanacaq. Ondan sonra bu liberallaşma prosesləri daha da sürətlə getməlidir. Bizim onsuz da başqa çıxış yolumuz yoxdur. Şəffaflığı artırmaq lazımdır. Əhalidə, ictimaiyyətdə, ictimai təşkilatlarda şəffaflıq artırılmalıdır ki, prosesdə fəal iştirak mümkün olsun.

Image result for Ekspert Natiq Cəfərli

Ekspert Natiq Cəfərli isə deyib ki, monopoliya, inhisarçılıq Azərbaycanda xronikidir, uzun illərdir yaradılmış bir idarəetmə formasıdır:"Bu idarəetmə formasından birdən-birə məmurların maraqlarını tapdayaraq imtina etmək çox çətindir. Ona görə də fərmanlarla, sərəncamlarla bu işin yolu açılırsa da, ardı da gəlməlidir. İdarəetmənin özündə maraqların dəyişdirilməsi prosesi baş verməlidir. məmurların iqtisadiyyata müdaxilə etmə səlahiyyətləri kifayət qədər ayrılmalıdır. Məmur biznesdən, iqtisadiyyatdan ayrılmalıdır. Bu, baş vermirsə, idarəetmədə dəyişikliklər olmursa, təbii ki, tək bir fərmanlarla, sərəncamlarla iş həll olunmur. Fərmanlar bu səbəbdən effekt vermir. İnhisarçılığın əsas bəlası ondan ibarətdir ki, azad rəqabətli mühit olmadıqca, iqtisadiyyatın bir çox sahələri inkişaf edə bilmir. Yeni oyunçular gəlmir, kreativ ideyaların orada həyata keçirilməsi mümkün olmur. İnhisarçılar, monopolistlər həmin sahənin inkişafını saxlayırlar, tormozlayırlar, bütün iqtisadi prosesləri öz əllərində cəmləməklə çox asanlıqla tutduqları vəzifədən və mövqedən istifadə edərək asan yolla pul qazanırlar. Uzun illər yaradılmış bu modeli çox qısa zamanda tamamilə kökündən dəyişmək çətindir. Amma bu insanların idarə olunmasından maraqların idarə olunmasına keçid təmin ediləcəksə, o zaman müəyyən dərəcədə inhisarçılığın qarşısını almaq üçün kifayət qədər kəsərli addımların atılması mümkündür. Burada həm kadr dəyişiklikləri olmalıdır, sistem və idarəetmə dəyişiklikləri olmalıdır. Bir neçə qanunvericilik səviyyəsində dəyişikliklər də olmalıdır. Sərəncamla və hər hansı bir fərmanla deyil, qanunverici səviyyədə də iqtisadiyyata müdaxilələrin minimuma endirilməsinə çalışılmalıdır.

Ekspertin sözlərinə görə, Rəqabət Məcəlləsi on ilə yaxındır ki, qəbul edilmir:"Məcəllə Milli Məclisdə ilişib qalıb, indiyə qədər qəbul olunmayıb. Bunun da əsas səbəbi bu inhisarçıların bazara müdaxilələrini çox rahatlıqla həyata keçirməsi üçündür. Bu məcəllə qəbul olunsaydı, heç olmasa, qanunverici şəkildə inhisarçılığın fəaliyyətinə müəyyən məhdudiyyətlərin gətirilməsi mümkün olardı. Bu, baş vermirsə, qanunvericilik səviyyəsində də dəyişiklik olmursa, deməli, maraq qrupları iqtisadiyyatda, idarəetmədə, siyasətdə fəaliyyət göstərən maraq qrupları belə bir qaydaların həyata keçirilməsinə imkan vermirlər. Bunun qarşısı alınır. Bu da şəxsi maraqlardan irəli gəlir. Ona görə fərman və sərəncamlarla bərabər, həm də qanunvericilikdə dəyişiklik olmalıdır. Həm idarəetmənin fəlsəfəsi dəyişməlidir, həm də ciddi kadr islahatları olmalıdır. Kadr islahatları olmadan atılan addımların effekt verəcəyinə getdikcə inam da azalır. Çünki uzun illər eyni mexanizmlə, eyni sistemlə işləməyə öyrəşmiş şəxslərin birdən-birə yanaşmasının dəyişməsi mümkün deyil. Müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə ciddi addımlar atılmasa, verilmiş fərman və sərəncamların işlək olması mümkün görünmür.