Azərbaycanda fiber-optik genişzolaqlı şəbəkənin modernləşdirilməsi üçün 2020-ci ilədək 125 mln. manat həcmində investisiya tələb olunacağı proqnozlaşdırılır.

Unikal.org-un xəbərinə görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

"Bazarda azad rəqabət mühitinin formalaşdırılması və yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün mövqeyinin aradan qaldırılması nəticəsində özəl sektorun bu sahədə güclənməsi investisiya qoyuluşlarının əsas hissəsinin sahibkarlar tərəfindən həyata keçirilməsinə zəmin yaradacaq, bununla da dövlət büdcəsindən infrastruktur layihələrinə ayırmalar azalacaq", - deyə sənəddə qeyd edilib.

Lakin sənəddə gözlənilən risklər qismində dövlət orqanları tərəfindən zəruri qərarların qəbulunun gecikdirilməsi və normativ-hüquqi aktlara dəyişikliklərin vaxtında hazırlanıb təqdim edilməməsi, habelə investisiya qoyuluşları üçün yüksək bazar cəlbediciliyinin təmin oluna bilməməsi və investorlar üçün təşviqedici tədbirlərin yetərli olmaması göstərilib.