Növbəti ildə MB üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaq.
2017-ci ildə də zəruri hallarda pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcminin artırılması və faiz dərəcələrinin artırılması diqqətdə saxlanacaq. Növbəti ildə vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə MB-in müəyyən etdiyi faiz dərəcələri ilə həyata keçiriləcək.
Vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatlarının (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi ilə aparılması nəzərdə tutulur. Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə aparılacaq. Açıq bazar əməliyyatları əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də MB-nin təşəbbüsü ilə həyata keçiriləcək. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, eləcə də MB-nin qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılacaq.
Pul bazarındakı vəziyyətə adekvat təsir göstərmək məqsədilə pul siyasəti alətlərinin effektiv tətbiqinə, monetar əməliyyatların optimal planlaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank 2017-ci ildə aidiyyəti iqtisadi qurumlar ilə birlikdə likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin formalaşması istiqamətində müvafiq işlər görəcək.
Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası istiqamətində işlər 2017-ci ildə də davam etdiriləcək. Bu işlər pul siyasətinin iqtisadiyyata ötürücülük mexanizmində faiz kanalının gücləndirilməsinə xidmət edəcək.