"2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki,Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib: "Bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.
2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.
Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik".