Bu gündən Azərbaycanda ilk dəfə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır.
Unikal.org-un məlumatına görə, sistem ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.
Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər.
Pilot layihə müddətində həmin müəssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək. Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.
Eyni zamanda, Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50 faizi güzəştdən istifadə edə biləcək. Pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50 faizi qeyri-iqtisadi, 50 faizi isə iqtisadi fəal əhali qrupuna aiddir.