Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Kənd Təsərrüfatı Məhsullarının İstehsalına və Emalına dair Strateji Yol Xəritəsi 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edib.
Kənd təsərrüfatı üzrə ekspert Mürvət Həsənli unikal.org-a Yol Xəritəsinin 0ölkəmizdə bilavasitə kənd təsərrüfatının, ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərəcəyini şərh edib.
Onun fikrincə, öncəliklə qeyd etmək yerinə düşər ki, bu sənəd ölkənin ərzaq təhlükəsizliyinin təmini, iqtisadiyyatın şaxələndirilməsi, ixrac yönümlü məhsulların istehsalının artırılması, eyni zamanda kənd yerlərində sosial rifaha töhfə vermək baxımından, həyat şəraitinin yaxşılaşdırılması mövqeyindən xüsusi əhəmiyyət kəsb edir:
"Bildirim ki, strateji Yol Xəritəsi 9 strateji hədəf və bu hədəflərin reallaşdırılması üçün 36 prioritet istiqamətdən ibarətdir. Strateji Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda həyata keçiriləcək prioritetlərin ÜDM-ə təsiri 1235 milyon manat olacaq".
Ekspert qeyd edib ki, bu o deməkdir ki, ölkədə ən azı 20 min yeni iş yerinin açılması gözlənilir.
""Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi aqrar sektorun inkişafında heç şübhəsiz mühüm rol oynayacaq. Ən əsası, Azərbyacna Kənd təsərrüfatı üzrə idxal edən ölkədən, böyük ölçüdə ixrac edən ölkəyə çevriləcək. Avtomatik olaraq sahibkarlıq inkişaf edəcək. Yol xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:
- Ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
- pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
- barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;
- 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
- əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
- inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
- istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
- istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;
- bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;
- özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
- paytaxtda və iri şəhərlərdə 5 "yaşıl marketin və 50 "fermer mağazasının qurulması;
- 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;
- suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.
Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu, kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu ifadə edir".