Nazirlər Kabineti "Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydasında dəyişikliklər edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, indiyə qədər Fondun vəsaitləri yalnız vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşıb.

Dəyişikliyə əsasən isə bundan sonra həm də xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun ("Avtomobil Yolları Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi və "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydasına əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qaytarılan əlavə dəyər vergisi məbləğindən tutulan 20 faiz həcmində xidmət haqqı da Fondda toplanılacaq.

Digər dəyişiklik bu 3 mənbədən Fonda toplanan vəsaitlərin xərclənmə istiqamətləri ilə bağlıdır. Beləliklə, birinci, indiyə qədər olduğu kimi bundan sonra da vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə ediləcək. Eyni zamanda bu halda Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsi, vergi orqanı işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi, vergi orqanlarının xidmət heyətinə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə müavinətlərin ödənilməsinə də xərclənəcək. Bu vəsaitlərin bir hissəsi də sosial sığorta haqlarının (vergi orqanlarının işçiləri ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün)  Vergilər Nazirliyi ödənilməsi, tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsi, habelə beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə sərf olunacaq.

İkinci, xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi üzrə daxilolmalar vergi orqanları işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə ediləcək. Üçüncü, "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydasında nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə daxilolmalar vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılmasına yönəldiləcək.