Sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi yer alıb.

Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər. Quba məhkəmə icraçıları onun azyaşlı olmasını belə nəzərə almır.

Artıq minlərlə sosial şəbəkə istifadəçisi ürək ağrısıyla qızcığazın fəryadını əks etdirən videonu paylaşıb. Onların arasında millət vəkili Qənirə Paşayeva da var. O da digərləri kimi sözügedən kadrları sona qədər izləyə bilmədiyini qeyd edib:

"Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən,uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyatı olan rəsmi qurumları, Ombudsman İnstitutu,Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdırlar. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq mən də maraqlanacam bu uşağın taleyi ilə.Uşağın fəryadı hələ də qulaqlarımdan getmir.Lazımı tədbirlərlə yanaşı ailə məsələləri,uşaq hüquqları və.s ilə bağlı ciddi maarifləndirmə proqramları artmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq... Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki bu cür mənzərələr ürəkləri dağlamasın".