Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək.
Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən "Büdcə sistemi haqqında qanunda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
Qanuna görə indiyə qədər qeyd edilən ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Dəyişikliyə əsasən qanundakı bu müddəa ləğv edilib. Başqa sözlə, ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində davam etdirilə bilməyəcək.