Samuxun Sərkar kəndində yas mərasimlərinin birində ümumi dəyəri 2400 manat olan 4 ədəd ehsan qazanın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, dərhal əməliyyat tədbirlərinə başlayan asayiş keşikçiləri əvvəlcə şübhəli kimi Sərkar kənd sakini 27 yaşlı Səbuhi Həsənovu saxlayıblar. Araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ehsan qazanlarını qardaşı 28 yaşlı Müşfiq Həsənov və həmkəndlisi 27 yaşlı Elnar Məmmədovla birgə oğurlayıb.

Elnar Məmmədov açıqlamasında bildirib ki, o qazanları daşımaqda kömək edib:

"Yolla gedirdim yanımdakı oğlan dedi ki, burada mağar var. Mağarın yanından keçib qapıya daxil olduq. Qazanları götürüb çıxdıq. Köməkli evə gətirdik".

Oğurladıqları qazanların yas mərasiminə aid olmasından xəbərsiz olduğunu deyən Müşfiq Həsənov yas evinin sahiblərindən gec də olsa üzr istəməyi özünə borc bilib.

Müşfiq Həsənov isə peşman olduğunu qeyd edib:

"Üzr istəyirəm. Bir səhvdi eləmişəm. Çox peşmanam buradan çıxandan sonra gedib yas sahiblərindən də üzr istəyəcəm".

Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Ramiz Məhərrəmov bildirib ki, qazanları Səbuhi Həsənovun qayınanası Samux rayon Sərkar kəndində yaşayan Əliyeva Reyhan Qələndər qızının evində elektrik mişarı ilə doğrayaraq Gəncə şəhərində metal qəbulu məntəqəsinə təhvil verib oradan 270 manat pul alıblar.