Xəbər verdiyimiz kimi, Azərbaycanda tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub. Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunmasıdır. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq. Qərar dünəndən icra olunmağa başlasada bu bəzi qərar bəzi sahibkar və siqaret çəkən insanların narahatlığına səbəb olub. Sahibkarlar bildiriblər ki, əvvəllər hər siqaretin satışından 10 faiz gəlir əldə edirdilərsə, hazırda bu məbləğin 4 faizi bank tutacaq. Belə olan halda qiymət artımı istisna edilmir. Həmçinin sosial şəbəkələrdə də qiymətlərin yenidən artırılacağını istisna etməyən əhali buna öz narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Unikal.org-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev müsahibə verib.
-Rüfət müəllim, dünəndən Azərbaycanda siqaretin nağdsiz satışı ilə bağlı qərar qüvvəyə minib. Bu barədə nə düşünürsünüz?
-Bu qərar vaxtında verilmiş qərardır. Çünki Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli Fərmanına əsasən 1 yanvar 2017-ci ildən siqaret və tütün məmulatlarının nağd pulla topdan satışı qadağan olunub və bu, büdcəyə birbaşa ödənişləri təmin edəcək.
- Bəs, bu qərarın qiymətlərə təsiri necə olacaq?
-Bu qərar siqaretin qiymətinin qaldırılmasına əsas vermir. Belə hal baş verərsə, bu, süni qiymət artımı olacaq.
-Həmçinin, sözügedən qərar siqaret çəkən insanlar arasında təşvişə səbəb olub. Bildirilir ki, siqaretin qiyməti yenidən qaldırılacaq-¦
-Heç bir təşvişə əsas yoxdur. Siqaretin qiymətində artım yalnız o halda baş verə bilər ki, dolların qiyməti kəskin artsın.
-Son dövrlə manatın ucuzlaşmaqda davam edir. Bu tendensiyanın tütün istehsalına və idxalına hansı təsirləri olacaq?
-Bu gün tütün məmulatlarının istehsalı üçün lazım olan xammalın 70-80%-i idxal olunur. Dolların kursunun qalxması davam edərsə, istehsal olunacaq siqaretlərin maya dəyərində də istər-istəməz artım baş verə bilər. Bu səbəbdən siqaretlərin satış qiymətində dəyişiklik ola bilər.
-Ümumiyyətlə, rəhbəri olduğunuz tütün və tütün məhsulları istehsal edən "EUROPEAN TOBACCO Baku şirkəti haqqında mətbuatda mənfi fikirlər səsləndirilməkdədir. Bildirilir ki, şirkət süni qiymət artımına yol verir-¦
-Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda həmişə yerli siqaretlər ucuz olub və indi də bu, belədir. Hazırda ölkədə tütün istehsalına böyük diqqət verilir. İstehsalın dəfələrlə artırılması prioritet istiqamət kimi qarşıya qoyulub. Şirkət haqqında səslənən mənfi fikirlər qeyri-obyektivdir. Çünki biz istehsalçıyıq, topdansatışla məşğuluq və siqaretlər distribütor tərəfindən pərakəndə satışa çıxarıldıqda o, öz satış qiymətlərini müəyyən edir.
-Sonda siqaret çəkənlərə məsləhətiniz?
-Siqaret çəkənlərə məsləhətimiz odur ki, bəzi işbazların hiylələrinə aldanmasınlar. Çünki siqaretin pərakəndə qiymətlərində artımın olması gözlənilən deyil.