2016-cı ildə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 940 cinayət qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bu barədə yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
İdarə rəisi bildirib ki, baş verən cinayətlərin 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə ağır və xüsusilə ağır olub. 2015-ci illə müqayisədə qəsdən adam öldürmələr 12,7 faiz, adam öldürməyə cəhdlər 10 faiz, yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 16,2 faiz, xəsarət alanların sayı isə 18,7 faiz azalıb.
Cinayətlərin 75,9 faizinin, ağır növlərinin 76,5 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 64,4 faizinin, şəxsiyyət əleyhinə olan 1709 cinayətin 95 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 94,6 faizinin, adam öldürməyə cəhdlərin açılması isə tam təmin olunub.
Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 0,7 faiz, şəxsiyyət əleyhinə olanların açılması 1 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 0,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 27,1 faiz, mənzillərdən edilən oğurluqların açılması 6 faiz, mal-qara oğurluğunun açılması 22,9 faiz, soyğunçuluqların açılması 13,2 faiz, quldurluqların açılması 12,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 6,7 faiz yaxşılaşıb.