ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev 20 Yanvar faciəsi ilə bağlı xatirəsini bölüşüb.

Unikal.org xəbər verir ki, aparıcı faciə baş verən günü çox yaxşı xatırladığını bildirib:

"1990 -cı il yanvarın 15-i Şuşa şəhəri, 9 yaşım var idi. Şuşa uşaq sanatoriyasının səhnəsində yeni tamaşa qoyulurdu. Mənə isə cırtdan obrazı tapşırılmışdı. İlahi, həyatımın ilk obrazı. Mən necə həyəcanlı idim, ilk dəfə rol oynayacaqdım.

Cırtdanam cırtdan, inanmırsan bax,
Hamı yuxuda mən isə oyaq.
Südlü aş verir mənə də anam,
İndi gördünüz əsil cırtdanam!

Bu şeri gündə bəlkə yüz dəfə təkrarlayırdım, həyəcanlı idim. Hamının etimadını doğrultmalı idim. Hamıdan yaxşı, hamıdan yüksək olmalı idim. Ən əsası anam da həmin sanatoriyada müəllimə işlədiyinə görə onun başını uca etməli idim. Dönə- dönə təkrarlayırdım. Mən əmin idim ki, hamıdan yaxşı mən olacam. Səhərə qədər yatmırdım.

Nəhayət ayın 15-i son məşqlərimizi etdik. Ayın 20-ni gözləyirdim. İnanın məşq etdiyim günlərdən uzun gəlirdi mənə bu 5 gün. 19-u anamı işə çağırdılar. O, gəldi və mənə tamaşa olmayacaq dedi. Dünya sanki bir anlıq mənim üçün dayandı, mən anlamırdım nə baş verir. Anama ikinci sualı verməyə cəsarətim çatmadı ki, nə üçün?! Amma hiss edirdim ki, nəsə çox ciddi hadisə olub.

Mənim qəhrəmanım cırtdanı mən həmin gün dəfn elədim ürəyimdə! O gündən sonra Xocalı faciəsi, doğum günümü içimdə öldürdü və mən anladım ki, nə qədər uşağın körpə dünyası qaranlığa bələndi. Nə qədər ailənin cırtdanları atasız,anasız qaldı, nə qədər ailələr cırtdansız qaldı!

Bu faciələr bizə cırtdan olmamağı ,cırtdan oynamamağı , div yaratmağı, div oynamağı, divlə oynamağı öyrətdi! Gec ayıldıq, amma anladıq! Anladıq ki, div ürəkli insanlarımız meydanlarda qan tökməsə, məsum cirtdanlarımız heç bir zaman ürəklərində uşaqlıq duyğularını, uşaqlıq dünyalarını yaşaya bilməyəcək! Allah sizə rəhmət eləsin div ürəkli şəhidlərimiz. 20 Yanvar unutmadıq, bizə azadlıq daddıran günü, bu günü bizə bəxş edən insanları unutmaq olarmı?! Əsla!"big.az