"İsveçdə diaspora rəhbərinin erməni qadınla evlənməsi barədə xəbər tirajlanan kimi, işin içində bir problem olacağını sezmişdim. Adətən bu cür məlumatlar kiminsə işgüzar nüfuzuna təsir göstərmək üçün quraşdırılır, sonra da peşəkarlığı aşağı olan media quruluşlarına ötürülür. Yoxlama, araşdırma aparmadan bu media quruluşları bir neçə insanın taleyini də heçə sayaraq yalançı xəbəri başlığa çıxarırlar".

Unikal.org bildirir ki, bu fikirləri millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, hər nə qədər qələm əhli sayılmağa layiq jurnalistlərimiz olsa da, "lapatka" götürməyə uyğun gələnlər də az deyil:

Hörmətli Hacıbala müəllimi qınayanlar bir də mövqelərini gözdən keçirsinlər, o ağsaqqal kişinin sözünü niyə qəribçiliyə saldınız axı... Hər nə qədər qələm əhli sayılmağa layiq jurnalistlərimiz olsa da, "lapatka" götürməyə uyğun gələnlər də az deyil. Sanki yalan xəbəri lapatka ilə qazıb torpağın altından çıxarırlar. Bir də bu informasiyalara xüsusi diqqət etmək lazımdır: kimsə başqasına pul atır, adını qoyur ki, erməni şəriyi olduğuna görə atdım. Yəni dələduzluğu vətənpərvərliklə əsaslandırmağın yolu beləcə tapılır. Deyək ki, şəriyi ermənidir, nə dəxli, sən bir insan olaraq öz müqavilə öhdəliyini ləyaqətlə yerinə yetirməlisən. Hansısa diaspora rəhbərini vurmaq istəyəndə dərhal "erməniərlə oturub-durur" motivini qabardırlar. İllərdir müxtəlif adamlara "arvadı ermənidir" deyə küncdə-bucaqda dedi-qodular səsləndirilir. Bunların bir qismində həqiqət payı sözsüz ki, var. Ancaq insanlara qiymət verilərkən dürüstlük, ədalətlilik, vətənsevərlik, ailəyə bağlılıq kimi meyarlarını önə çəkmək daha faydalı olardı. Erməni ilə yaxından-uzaqdan əlaqəsi olmayan burada da, xaricdə də xeyli azərbaycanlı da var ki, Vətəni bir tərəfə buraxın, heç öz ata-anası, nəsli-tayfası üçün bir çöp qədər xeyri dəyməyib, indi erməni ilə bağlantısı olmadığına görə onlara yaxşı deməliyik? Erməni ilə savaş torpaqlarımız azad olunanacan hərb meydanında olub və olacaq. Təbii ki, diplomatiya, diaspora, iqtisadi, siyasi sferalarda da bu savaş davam edəcəkdir. Ancaq bunu məişət səviyyəsində insanları qaralama vasitəsinə çevirmək kənardan heç də sağlam davranış kimi görünmür".