Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb. Belə ki, jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib. Əvvəllər Azərbaycanda və xüsusən Bakıda da kök polislərə rast gəlinirdi. Hazırda ölkəmizdə belə kök polisləri görmək mümkündür.

Bəs görəsən Azərbaycanda da belə bir qərarın verilməsinə ehtiyac varmı?

Sözügedən məsələ ilə bağlı Unikal.org-a BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev münasibət bildirib.

KAMRAN ƏLİYEV: ONLAR KƏNARDAN ELƏ DÜŞÜNÜLÜR Kİ, KÖKDÜLƏR

O, diqqətə çatdırıb ki, Azərbaycanda kök yol polisləri çox deyil: "Bununla bağlı Daxili İşlər Nazirliyindən xüsusi nəzarət edilir ki, bizim əməkdaşlarımızın hər biri bədən quruluşuna görə normaldırlar və onların kök olmamaları ilə bağlı tapşırıqlar verilir. Bildirilir ki, yol polisləri mütəmadi olaraq idmanla məşğul olunsunlar. Əməkdaşlarımız arasında elə cüssəli insanlar var. Onlar kənardan elə düşünülür ki, kökdürlər. Lakin polislər qış geyimində olduqları üçün o cür görünürlər. Ümumilikdə əməkdaşlarımız arasında artıq çəkili polislər demək olar ki, yoxdur.

VAQİF ƏSƏDOV: BAKIDA BİR KÖK POLİS VARSA O DA MƏNƏM

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycanda polislər idaman edir və bununla bağlı qərarın qəbul edilməsinə ehtiyac yoxdur:
"Polislərimiz fiziki hazırlığı, gündəlik məşqləri olur. Hazırda polislər arasında kök olanlara təsadüfi hallarda rast gəlmək olar. Bakı şəhərində yol polisi arasında bir nəfər kök adam varsa, o da mənəm. Son bir neçə ildə polislər seçilib, idman üzrə normativdən keçdikdən sonra işə götürülüb. Yəni elə-belə polislər deyillər. Həftənin çərşənbə axşamı və cümə günləri biz fiziki hazırlıq dərsləri keçirik. Bu dərsləri ciddi şəkildə öyrədirlər. Hər dərs 2 saat idman ustaları tərəfindən keçirilir. Bir sözlə polisin fiziki hazırlığı, idman etməsi vacib şərtdir və buna nəzarət də, tələbkarlıq da var.

EHSAN ZAHİDOV: BİZDƏ YEKƏQARIN POLİS YOXDUR

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən polis polkovniki Ehsan Zahidov unikal.org-a bildirib ki, Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur:

"Yəni boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülürlər. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmurlar. Yəni Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur."

Zaurə Əmirova