Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərdən S.Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğv olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra A.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldırıb. O, müvəkkilinin səhhətinin pis olduğunu və məhkəmə iclasının təxirə salınmasını tələb edib. Vəsatət baxılmamış saxlanılıb.

İclasda zərərçəkmiş Mübariz Məmmədov çıxış edib. O, hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi sonuncu ifadəni təsdiq etdiyini deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.