Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov şahid ifadəsi verib. O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovdan aylıq 50 min manat pul alması haqda deyilənlər yalandır: "Vidadi Zeynalov da istintaqda bu barədə danışıb. Amma mən pul ondan almamışam".
Prokuror Fərid Nağıyev isə qeyd edib ki, S. Qurbanovun sürücüsü məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib.
S. Qurbanov buna cavab olaraq deyib ki, sürücüsünün Vidadi Zeynalovdan pul almasından da xəbərsizdir: "Bəzən Vidadi Zeynalova tədbirlərə görə hədiyyələrin alınması üçün müraciət etmişəm".
Təqsirləndirilən Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm".
Daha sonra hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev şahid kimi dindirilib. T. Quliyev də ifadəsində Vidadi Zeynalovdan aylıq 50 min manat alması haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib.
V. Zeynalov T. Quliyevin ifadəsinə münasibət bildirib: "MTN-ə aylıq 50 min manat göndərmək rəhbərliyin göstərişi olub. Rəhbərlik deyib, mən də göndərmişəm. Dövlət əhəmiyyətli işlər üçün bu pul lazım olduğu deyilirdi. Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Nazirliyə göndərmişəm".
T. Quliyev isə bildirib ki, Vidadi Zeynalovdan pul alsaydı, bunun üçün sürücü göndərməzdi: "Biz Vidadi Zeynalovla qonşuyuq. Lazım olsa, pulu özüm alardım. Sürücünü bu işə qoşmazdım".
Sonra şahid qismində "Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib.
Digər şahid Qurban Rüstəmov isə bildirib ki, Qəbələ telefon qovşağında mühasib işləyib. O, təqsirləndirilən Oqtay Rüstəmova pul verdiyini təsdiqləyib: "Amma pulun məbləği yadımda deyil".
Təqsirləndirilən Oqtay Rüstəmov isə şahidi tanımadığını, ondan pul almadığını deyib.
Proses yanvarın 27-də davam etdiriləcək.