"Dəyanət yaxşı insan, gözəl psixoloq, savadlı və mərhəmətlı insan idi." 

Unikal.org xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Gülər Əhmədova sosial şəbəkədə deyib.

"Təmənnasız insan idi. Psixoloq cameəsi üçün ağır itkidir. Maraqlı planları var idi. Hər kəsin psixoloqa ehtiyacı var, hətta psixoloqun da. Təəssüf ki, bəzən biz hər dərdə tək sinə gələ biləcəyimizi düşünürük. Amma unuduruq ki, hələ heç kim dərdlərə tək sinə gərə bilməyib. Təklik yalnız Allaha məxsusdur. Allah rəhmət eləsin, günahlarını bağışlasın. Yerin cənnət olsun, gözəl insan! Biz hamımız günahkarıq, çünki həssas deyilik, ətrafımızda olanların dərdlərinə şərik ola bilmirik. Hər kəs özünü düşünür. Əgər hər gün bir insanın dərdinə şərik olsaq, dərdlər, intiharlar azalar. Daş qəlbli insanları neylərdin, İlahi!"

G.Əhmədova həmçinin psixoloqun canına qıymasına tənqid edənlərə də münasibət bildirib:

"Yoldaşlar, ay yoldaşlar... Bu gün də hamınız psixoloq olmaq qərarına gəldiniz?? Yaxşı elədiniz... Olun. Amma unutmayın ki, heç kim, heç nədən sıgortalanmayıb. Gözləmədiyiniz vaxtda özünüz və ya yaxınınız intihar edər, yaxşı düşməz.. Dəyanət Rzayev çox savadlı, fundamental təhsilli psixoloq idi. O, 6 aylıq kurs keçib psixoloq olmamışdı. Ən gözəl sürücülər qəza törədir, ən yaxşı müəllimin övladı avara ola bilir. Ən yaxşı kardıoloji mərkəz açmış, Neftçılər xəstəxanasının baş həkimi ürək qüsurundan həyatını dəyişdi, çünki əməliyyatdan çəkinirdi. Dəyanətin ətrafında olan hər kəs günahkardır, çünki hamı onu daha güclü hesab edirdi. Hamı düşünürdü ki, ona məsləhət vermək olmaz, dərdinə şərik lazım deyil. Çünki o, psixoloqdur. Hamının qırılma nöqtəsi, sevgiyə, mərhəmətə ehtiyacı var. Əzizlərinizi bu gün sevin, bu gün zəng vurun, bu gün axtarın. Dəyanəti rahat buraxın..O artıq bizlik deyil, yaradanının yanındadır. Allah ona rəhmət və mərhəmət etsin!".