Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib. 

Unikal.org xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında bildirib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: 

"Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.