İndi sizə təqdim edəcəyimiz görüntülərdə bir evakuator sürücüsünün məsuliyyətsizliyini və yol verdiyi qayda pozuntularını görəcəksiniz. Belə ki, qarlı yolda evakuatora mindirilən avtomobilin sürücüsü və sərnişinləri maşından düşürülməyib. Üstəlik avtomobil işlək vəziyyətdə olub.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, həm öz həyatlarını risk altında qoyurlar, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar.

Evakuatora əks istiqamətdə mindirilən avtomobilin içərisində ən azı 5 nəfər var. Üstəlik, avtomobil işlək vəziyyətdədir və ksenon faraları isə yanılıdır. Bu isə arxadan gələn nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirir.

Kadrlar ötən gecə Yasamal rayonu İnşaatçılar prospektində lentə alınıb. Videodan da göründüyü kimi, işlək vəziyyətdə olan 99 KC 111 dövlət nömrə nişanlı avtomobil içərisi insanlarla dolu şəkildə evakuatora yüklənib.

Avtomobilin sürücüsünün dediyinə görə, qarlı havada nəqliyyat vasitəsini sürə bilmədiyi üçün evakuator çağırıb. Dostları ilə birlikdə avtomobili evakuatora qaldırıblar ki, hər hansı bir hadisə baş vermədən evə gedib çatsınlar.

Ekspert Ərşad Hüseynov deyir ki, bu görüntülərdə evakuator sürücüsü kobud qayda pozuntularına yol verib. Avtomobilin içərisində oturan sürücüsü və sərnişinlərin isə olduqca məsuliyyətsiz olduğu aşkar görünür.

Ekspert deyir ki, yol hərəkəti haqqında qanuna əsasən, yük avtomobilinin banında qəti olaraq sərnişin aparmaq olmaz. Buna görə, qanunda cərimə də nəzərdə tutulub

Qanuna əsasən, belə qayda pozan evakuator sürücüsü 60 manat və 3 cərimə balı ilə cəzalandırılmalıdır.

Məsələyə münasibət bildirən Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, görüntülərə baxıldıqdan sonra evakuator və digər sürücü haqqında lazımı tədbirlər görüləcək.